Ağlım kəsəndən idman oyunlarına marağım var. Daha çox futbol həvəskarıyam, amma bir çox digər idman növlərini də izləyirəm. Xüsusən beynəlxalq yarışmalar olduqda təkcə futbol deyil, basketbol da, voleybol da, şahmat da, hər bir idman növü xüsusi həyəcan verir mənə.
Beynəlxalq turnirlərdə futbolçularıımz son illər ciddi aktivlik nümayiş etdirirlər, doğrudur bu il son 7 ilin ən zəif statistikası qeydə alınmaqdadır, amma Qarabağ FK başda olmaqla klublarımız bizlərə”beynəlxalq sevinclər” yaşada bilirlər.
Futboldan və digər idman növlərindən fərqli olaraq bir idman növü var ki, biz azərbaycanlı olaraq uzun illərdir ki, sevinc, qürur hissi yaşaya bilirik. Bu şahmatdır.
Teymur Rəcəbov, Vüqar Həşimov, Rauf Məmmədov, Şəhriyar Məmmədyarov, Zeynəb Məmmdəyarova, Türkan Məmmədyarova və s. adlarını qeyd etmədiyim onlarla şahmatçı mən şahmatı izlədiyim son 18-20 ildə adlarını tez-tez eşitdiyim, bayrağımızı, ölkəmizin adını tez-tez qlobal səhnələrdə yüksəklərə qaldıran şahmatçılarımızdır.
Vüqar Həşimov
24 iyul – Vüqar Həşimovun doğum günüdür, yaşasaydı 32 yaşını qeyd edəcəkdik. Amma olmadı. 4 il öncə Vüqarı itirdik. 11 yanvar 2014-cü ildə beyin xərçənginə qalib gəlmə bilmədi.
3 dəfə Şahmat üzrə Azərbaycan Çempionu olan Vüqar 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb. 2005-ci ildə Afinada keçirilən Akropolis Beynəlxalq Trunirinin, 2008-ci ildə Fransada keçirilən Cappelle-la-Grande turnirinin, 2011-ci ildə İtaliyada keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub. FİDE (The Fédération Internationale des Échecs) reytinqində 6-cı pilləyə qədər irəliləyib.
Vüqar qısa ömründə Azərbaycan şahmatına yeni bir nəfəs gətirdi, yeni bir rəng qatdı. Sevindiricidir ki, Vüqar Həşimovun adına Şahmat Turniri təşkil edilir. Turnirdə FİDE prezidenti, həmçinin dünyanın ən güclü şahmatçıları iştirak edir. Vüqar Həşimovun adına Şahmat Akademiyası fəaliyyət göstərir.
Növbəti sevindirici məqamlar şahmatçılarımızın bugünkü uğurlarıdır ki, bununla həm azərbaycan xalqını, həm də Vüqarın ruhunu şad edirlər.
Şəhriyar Məmmdəyarov
Şahmata gec yaşda, təxminən 9 yaşında başlasa da davamında elə bir əzmkarlıq, elə bir uğurlar nümayiş etdirib ki, bu gün Şəhriyar bir neçə parametrlərdə dünyanın ən yaxşı şahmatçılarındandır.
İlk Elo xalını (2200) qazandığı vaxtdan cəmi 7 il sonra dünyanın ilk 5-liyinə daxil olub. Belə sürətli irəliləyiş dünyada ilkdir.
İndiyədək Gənclər arasında 56 Şahmat Dünya Çempionatı keçirilib, 55 müxtəlif şəxs qalib olub. Yeganə Şəhriyardır ki, 2 dəfə qalib olub. Turnirin Vikipediya səhifəsində də məhz buna vurğu edilib.
Şəhriyar Şahmat üzrə klublararası Avropa Çempionatı, komandalararası Avropa Çempionatı, komandalararası Dünya Çempionatı və Şahmat Olimpiadasında müxtəlif illərdə turnirin ən yaxşı oyunçusu seçilib. 3 dəfə komandalararası Avropa Çempionatının qalibi olub. 1 saniyədə 8-9 gediş edə bilir :)
Şəhriyarın 2801 Elo xalı var. Dünya tarixində 2800 Elo xalını keçən 13 şahmatçıdan biridir. O, bu uğura imza atmış ilk müsəlman idmançı kimi də tarixə düşüb.
Hazırda Şəhriyar dünyanın ən güclü 3-cü şahmatçısıdır! Bu, fantastik nəticədir!
Teymur Rəcəbov
Teymur Rəcəbov 14 yaşında ikən dünyanın ən gənc qrossmeysteri olma rekordunu yeniləyib.
2003-cü ildə Qarri Kasparovu Linaresdə qara fiqurlarlara məğlub edərək şahmat tarixində dünya çempionunu məğlub edən ən gənc şahmatçı adını qazanıb.
1 ildə üç FİDE dünya çempionunu məğlub edən yeganə şahmat ustası hesab edilir.
Hazırda FİDE reytinqində 17-ci yerdədir.
Azərbaycan komanda hesabında 3 dəfə (2009, 2013, 2017) Avropa Çempionu olub. Avropada komanda hesabında 2-ci ən güclü ölkədir (SSRİ-ni çıxmaqla). Komandamızda Vüqar, Şəhriyar və Teymurdan əlavə Qədir Hüseynov, Rauf Məmmədov, Eltac Səfərli və Arkadi Naydiç də Avropa Çempionu olublar.
Kişilərdən əlavə qadın şahmatçılarımız da mütəmadi olaraq uğurlu nəticələr əldə edirlər. Günay Məmmədzadə hazırda FİDE reytinqində 37-ci pillədədir. Gənclərin reytinqində isə Günay Məmmədzadə dünyada 3-cü, Aytən Höccətova 12-ci, Xanım Balacayeva 18-ci, Nərmin Məmmədova 74-cü, Gövhər beydullayeva 90-cı yerdədir.
Həmçinin Şəhriyar Məmmədyarovun bacıları Zeynəb və Türkan da ölkəmiz adına dəfələrlə uğurlu nəticələr əldə ediblər.
Zeynəb Məmmədyarova 18 yaşadək qızlar arasında Dünya birinciliyinin qalibi (2000),
20 yaşadək qızlar arasında Avropa birinciliyinin qızıl mükafatçısı (2002),
Ümumdünya Şahmat Olimpiadasının gümüş mükafatçısı (2002),
20 yaşadək qızlar arasında Dünya birinciliyinin bürünc mükafatçısı (2003) adını qazanıb.
Türkan Məmmədyarova isə 2002-ci ildə İspaniyanın Peniskola şəhərində keçirilmiş 14 yaşadək qızlar arasında Avropa çempionatında birinci yerə çıxıb.
2003-cü ildə Yunanıstanın Xalkis şəhərində keçirilmiş 14 yaşlı qızlar arasında dünya birinciliyində liderdən yarım xal az toplayaraq 8,5 xalla gümüş medala layiq görülüb.
2011 və 2012-ci illərdə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionu olub.
Ümumiyyətlə Məmmədyarovlar ailəsi Azərbaycanda üç beynəlxalq qrossmeyster yetişdirmiş bir şahmat ailəsidir. Sadəcə alqış düşür!
Şahmat ölkəmizdə ən uğurlu idman növlərindən biridir və Vüqar kimi ”beyinlərin” hesabına bayrağımızı, adımızı mütəmadi olaraq zirvələrdə səsləndirirlər.
Vüqar, ruhun şad olsun!
The post 24 iyul – Vüqarın, Şəhriyarın, Teymurun günü appeared first on Orxan Rzayevin bloqu.