Bəzən hansısa vebsayta daxil olmaq istədikdə saytın fəaliyyətini dayandırdığını görürük. Xüsusən orada bizimçün önəmli olan hansısa məlumat varsa saytın işləmədiyinə görə təəssüflənirik. Mənim rastıma çıxan iki yol var ki, bunun köməyilə biz silinən və ya bağlanan vebsayta daxil ola, oradan informasiya götürə bilərik.
1-ci yol
Bir neçə il öncə bir vebsaytla tanış olmuşdum, hansı ki, bu sayt bizə işləyən və işləməyən əksər vebsaytları arxivləyir, həmin vebsaytların səhifələrinə baxmağa imkan verir. Hətta vebsaytların müxtəlif tarixlərdəki vəziyyətini görə bilirik. Bu vebsayt “Wayback Machine” adlanır.
Nümunə üçün Orkhanrza.com bloqunu bu saytda axtaraq. Göründüyü kimi, “Wayback Machine” Orkhanrza.com bloqunu 21 iyun 2014-cü ildən arxivləməyə başlayıb. Son arxiv tarixi 29 mart 2019-dur (3 gün öncə).
Biz istədiyimiz tarixə gedib, həmin tarixdə arxivlənən səhifəyə baxa bilirik. Nümunə üçün, 17 sentyabr 2014-cü ildəki arxivə kliklədikdə aşağıdakı səhifə açılır:
P.s Bu saytda məşhur vebsaytların illər öncəki vəziyyətlərinə baxmaq çox maraqlıdır, adam, türklər demiş, “nerden nereye?!” deyir :)
2-ci yol
Yuxarıda göründüyü kimi, “Wayback Machine”-in arxivləməsi bir neçə gün sonra baş verir. Məsələn, siz hostinqdə təmizləmə işləri apararkən və ya hansısa başqa bir halda istəmədən bir vebsaytınızı silə bilərsiniz, hansı ki, o vebsaytda önəmli məlumatlar var idi və onu toplamaq sizin xeyli vaxtınızı almışdı. Vebsaytın backup’ı yox idisə həmin məlumatları tapmaq çətin olacaq.
Bu problemi həll etmək üçün Google bizə həll yolu təqdim edir. Belə ki, bizim sildiyimiz vebsəhifələr adətən 1-7 gün Google platformasının bazasında qalır, daha sonra silinir. Bu müddətdə siz bu link vasitəsilə silinən sayta daxil ola bilərsiniz: Webcache.googleusercontent.com/search?q=cache:https://sizinsaytiniz.com/ (sizinsaytiniz.com əvəzinə sizə lazım olan saytı qeyd etməlisiniz)
Bu iki vasitə ilə biz silinən (həmçinin silinməyən aktiv səhifələrin) arxivinə baxa bilirik.
The post Silinən, bağlanan vebsaytlara baxmağın 2 yolu appeared first on Orxan Rzayevin bloqu.