“Qarabağ” klubunun Çempionlar Liqasındakı qələbəsi haqda
—
Qarabağ klubunun Çempionlar Liqasındakı son ev oyununda Çelsi’yə 0-4 hesablı məğlubiyyətindən danışırıq, amma mən istəyirəm 0-4’ü bir kənara qoyub, əslində Qarabağ’ın qazandığı qələbədən danışaq.
İyulun 14-ü Facebookda status paylaşmışdım ki, Avroliqada mübarizə aparan klublarımız ötənillərdən fərqli olaraq uğursuz çıxış edib, 3-cü mərhələyədək irəliləyəcək, amma Qarabağ əksinə, ilk dəfə ÇL-nın qrupuna düşəcək. O vaxt bunu yazanda ÇL-nın qrupuna düşmək bizə xəyal kimi görünürdü. Amma zaman göstərdi ki, “ürəyimə daman” ssenari eynilə baş verdi.
3 ay öncə, UEFA Çepmionlar Liqasının püşkü atılan günü nə hisslər keçirdik, nə proqnozlar verdik, xatırlayın. Qarabağ’ın rəqibləri olaraq “Atletiko Madrid”, “Roma” və “Çelsi” klubları bəlli olanda bu qrupu “ölüm qrupu” adlandırmırdıqmı? Komandamızın bu rəqiblərə qarşı oyunlarda 3 və daha az qol buraxmasını, bir qol vurmasını və ya bir xal qazanmasını uğur kimi qəbul edəcəyimizi qeyd edirdik.
Amma nə oldu, İngiltərədəki ilk oyunda qeydə alınan böyükhesablı məğlubiyyətdən sonra, “Roma” ilə evdə başabaş oyun göstərdik, hesabı bərabərləşdırməyə kifayət qədər şansımız oldu. “Atletiko” ilə hər iki oyunda gözəl oyun göstərdik və əla nəticələr qazandıq. “Çelsi” ilə cavab oyununda 13-cü dəqiqədə rəqib qapısına vurduğumuz zərbə qol olsaydı inanılmaz nəticənin davamı gələcəkdi bəlkə də. 19-cu dəqiqədə qırmızı kart və penalti təyin olunmasaydı, yenə də uğurlu nəticə olacaqdı bəlkə də.
Amma 0-4 hesablı məğlubiyyət olsa belə, məncə “Qarabağ” həm dünən, həm də qrup mərhələsində meydana çıxdığı bütün oyunlarda qalibdir!
- İlk dəfə Azərbaycanın adını ÇL-da komandası oynayan ölkələr siyahısına saldığı üçün,
- Avropanın 1000-dən artıq klubu arasında ən güclü 32 klubdan biri olduğu üçün,
- Bir il öncə bizə xəyal kimi gələn hissləri (Çempionlar Liqası kimi turnirdə dünya nəhənglərinə qarşı oynamaq) bu gün yaşatdığı üçün,
- Dünyanın nəhəng komandaları ilə qorxaq, top ayağına düşən kimi vurub uzaqlaşdıran yox, mərd, başabaş mübarizə apardığı üçün,
- 70 min azarkeşi stadiona yığıb, “QARABAĞ” qışqırmağa səbəb olduğu üçün,
- Azərbaycan xalqının qəlbində Qarabağ yanğısını, işğal ağrısını oyatdığı üçün,
- Bütün dünya mətbuatında “Qarabağ” klubu haqda, onun da yanında işğal olunmuş torpaqlarımız haqqında informasiya dalğasını yaratdığı üçün,
- Dünya mətbuatında, hətta erməni mətbuatında “Qarabağ” sözünün qarşısında “Azərbaycan” sözünü yazdırdığı üçün,
- Və saymaqla bitməyəcək onlarla səbəbə görə Qarabağ klubu meydana çıxdığı hər oyunda qalibdir!
Statistikaya baxdıqda isə geridə qalan 5 turda bəzi göstəricilərdə Qarabağ klubunun müsbət nəticələrini görə bilirik. İlk dəfə ÇL-ya qatılmasına baxmayaraq, Qarabağ klubu 32 komanda arasında sonuncu deyil:
- Xal sayına (2 xal) görə 25-28-ci,
- Top fərqinə (-11 qol) görə 27-28-ci,
- Vurduğu qol sayına (2 qol) görə 29-30-cu,
- Səfərdə qazandığı xal sayına (1 xal) görə 22-27-ci yerləri bölüşdürür.
Statistikadan da görünür ki, debütant olan komanda bir çox parametrlərdə illərdir Çempionlar Liqasında iştirak edən 5-6 komandanı qabaqlayır. Bu artıq qələbədir, uğurdur.
Ona görə də əziz dostlar, Qarabağa’a hər zaman dəstək olmaq lazımdır. Nəinki “Qarabağ”, gələn il təki “Neftçi” də, “Qəbələ” də, “Zirə” də, “Keşlə” də Avrokuboklarda mübarizə aparsın və hər birini sonadək dəstəkləyək.
P.s. “Çelsi” ilə oyundakı möhtəşəm xoreoqrafiya ilə 19 ay sonra Facebook-da “cover” şəklimi dəyişdim (“Cover” fotolarıma baxsanız bir nüansı görə bilərsiniz ki, 2013-cü ildən bəri “cover”də mütləq Azərbaycan Bayrağı yer alır).
The post “Qarabağ” klubunun Çempionlar Liqasındakı qələbəsi haqda appeared first on Orxan Rzayevin bloqu.